Son xəbərlər

İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək

Artıq ipoteka krediti əldə etmək istəyən vətəndaşlar müraciətlərini SİMA yeni nəsil rəqəmsal imza ilə təsdiq edəcəklər.

Yeniliyə əsasən, vətəndaşlar kredit limitinin ayrılması zamanı onlayn müraciətlərini pin kod və ya digər üsullarla deyil, yalnız “SİMA İmza”nın üztanıma funksionallığı ilə təsdiqləyə biləcəklər. Beləliklə, hər bir müraciətin məhz vətəndaşın özü tərəfindən doğrulandığı biometrik yoxlama ilə müəyyən olunacaq.

Tətbiq olunan yanaşma ipoteka ilə mənzil alışında təhlükəsizliyi və şəffaflığı təmin edəcək, müraciət zamanı yarana biləcək sui-istifadə hallarının və prosesə kənar müdaxilə riskinin qarşısını almağa imkan verəcək. Nəticədə bütün müraciət edənlər üçün bərabər və ədalətli şərait yaranacaq.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holdinqin şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən məsafədən, təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verir. Vətəndaşlar SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən, mobil tətbiq vasitəsilə onlayn və ödənişsiz şəkildə əldə edə bilərlər.

Əlaqəli xəbərlər