Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını və zəngin mədəni irsini özündə yaşadan ən mühüm mənəvi dəyərlərimizdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, inkişaf etdirilməsi və onun ictimai həyatın bütün sahələrində tətbiqinin genişləndirilməsi istiqamətlərində ardıcıl siyasət həyata keçirilir.
Bu siyasətin təməlində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı sahəsində müəyyənləşdirdiyi strateji yanaşma dayanır. Ulu Öndər Azərbaycan dilinin saflığının qorunmasını, onun yad təsirlərdən mühafizə edilməsini və gələcək nəsillərə zəngin milli sərvət kimi ötürülməsini dövlətçilik məsələsi kimi qiymətləndirirdi. Məhz onun təşəbbüsü ilə hər il avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması ana dilimizin milli-mənəvi dəyər kimi qorunmasına verilən yüksək önəmin bariz ifadəsidir.
Məhz Ulu Öndərin qətiyyətli mövqeyi nəticəsində hələ 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu, sovet dövründə mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə milli kimliyimizin və ana dilimizin qorunması istiqamətində qazanılan mühüm tarixi nailiyyət idi.
Çıxışlarında “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik”, – deyən Ulu Öndər dövlət müstəqilliyinin bərpasından sonra da Azərbaycan dilinin dövlət dili kimi hüquqi əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm qərarların qəbul olunmasını təmin etdi. Dahi Liderin təşəbbüsü ilə 1995-ci il Konstitusiyasında dövlət dilinin məhz Azərbaycan dili olması təsbit edildi, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı, eləcə də avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis olundu. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə ana dilimizin hüquqi statusunu daha da möhkəmləndirərək onun qorunmasını və inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi.
Bütün bunlar milli kimliyimizin, dövlət müstəqilliyimizin və milli-mənəvi dəyərlərimizin əsas sütunlarından biri olan Azərbaycan dilinin saflığının qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi sahəsində atılan mühüm addımlar oldu.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dili siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə ardıcıl olaraq inkişaf etdirilir, Azərbaycan dilinin qorunması, tətbiq dairəsinin genişləndirilməsi və zənginləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar, qəbul olunan qərarlar nəticəsində ana dilimizin tətbiq dairəsinin genişləndirilməsi, dilimizin saflığının qorunması və dilçilik elminin inkişafı, o cümlədən latın qrafikalı nəşrlərin hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində çapı, dövlət dilinin elektron məkanda daha geniş istifadəsi istiqamətlərində mühüm işlər həyata keçirilib.
Bu xüsusda, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı qeyd etmək istərdim. Bu sənədlər Azərbaycanda dilçilik elminin inkişafı, ana dilimizin saflığının qorunması üzrə sistemli fəaliyyətin həyata keçirilməsini təmin etdi.
Beləliklə, əminliklə deyə bilərik ki, görülən işlər, atılan addımlar bu gün sürətlə qloballaşan dünyamızda milli kimliyimizin əsas sütunlarından biri olan ana dilimizin qorunmasına və inkişafına, eləcə də gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Şahin İsmayılov,
Gənclər və idman komitəsinin sədri
