“CineMastercard” kinoteatrında çoxdan gözlənilən Qışqırıq 7 qorxu filminin dünya premyerasından bir gün əvvəl xüsusi nümayişi təşkil olunub.
Yenituran.az xəbər verir ki, kult franşizanın pərəstişkarları ekran əsərinin davamını geniş auditoriyadan öncə izləmək və gərginlik dolu hadisələrin içinə ilk olaraq qərq olmaq imkanı əldə ediblər.
Tədbir “Portal Games” kvest şirkətinin dəstəyi ilə baş tutub və axşamı interaktiv qorxu dünyasına real səyahətə çevirib. Qonaqları filmin əsas mənfi obrazı – məşum Ghostface qarşılayıb və ilk dəqiqələrdən həyəcanlı gözlənti hissi yaradıb. Tematik dekorasiyalar, qaranlıq fotoguşələr və qorxulu interyer elementləri tamaşaçılara film atmosferini yaxından hiss etməyə imkan verib.
Qapalı nümayişdə “Mastercard” beynəlxalq ödəniş sisteminin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər. Tədbirin təşkilinə “Portal Games” kvest şirkəti, “MADO” restoranı, “Light in Black” kreativ şirkəti, “Coca-Cola”, “Mochiki & Bubble” və “Red Bull” dəstək göstəriblər.
Qorxu janrının növbəti davam filminin rejissoru Kevin Williamsondur. Rollarda isə Neve Campbell, Courteney Cox, Isabel May, Jasmin Savoy Brown, Mason Gooding, Anna Camp, Joel McHale, Mckenna Grace, Michelle Randolph və Jimmy Tatro yer alıblar.
Filmin qısa süjetinə görə, Sidni Preskott yeni həyat qurduğu sakit şəhərcikdə “Kabusa bənzər üz”lü qatilin ortaya çıxması ilə yenidən dəhşətlə üz-üzə qalır. Onun qızı növbəti hədəfə çevrildikdə, Sidni ailəsini qorumaq üçün keçmişin qaranlıq xatirələri ilə mübarizə aparmalı olur.
Tamaşaçılar filmi “CineMastercard” kinoteatrlar şəbəkəsində ingilis və rus dillərində izləyə biləcəklər. Ekran əsəri həmçinin 4DX və ScreenX formatlarında təqdim olunur ki, bu da izləmə təcrübəsini daha real və həyəcanlı edir.




