Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi praqmatik və müdrik siyasət sayəsində Azərbaycan böyük və sürətli inkişaf dövrü keçərək parlaq nailiyyətlərə, qələbələrə imza atıb. Dayanıqlı inkişafın, sabitliyin və təhlükəsizliyin təmin olunduğu ölkəmiz müdrik liderinin rəhbərliyi ilə tərəqqi yolunda uğurla addımlayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Şahin İsmayılov vurğulayıb ki, 2003-cü ildə müdrik Azərbaycan xalqı səs verərək gələcək taleyini Prezident İlham Əliyevə etibar edib. Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ötən 22 il ərzində Azərbaycanı uğurdan-uğura, qələbədən-qələbəyə daşıyıb. Prezident İlham Əliyev Ümummilli Liderin möhkəm təməlini qoyduğu Azərbaycanı müstəqil siyasətə, güclü iqtisadi dayaqlara, qüdrətli orduya, beynəlxalq münasibətlər sistemində böyük nüfuza malik ölkəyə çevirib. Bu gün Azərbaycan nəinki regionda, daha geniş coğrafiyada güclü dövlət olaraq qəbul olunur, etibarlı strateji tərəfdaş kimi tanınır.
Müstəqilliyinin bərpasından cəmi 20 il sonra Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini xatırladan komitə sədri bildirib ki, bu, beynəlxalq ictimaiyyətin gənc ölkəmizə böyük hörmətinin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycan üçün önəmli tarixi nailiyyətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasi kursu nəticəsində ötən illər ərzində Azərbaycan dünya dövlətləri ilə, mühüm beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıqlar qurub, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsi təmin edilib. Bu xüsusda, təbii ki, Azərbaycanın Qoşulmama Hərəkatına dörd il ərzində uğurlu sədrliyini qeyd etmək vacibdir. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü qlobal və ümumbəşəri dəyərlərə əsaslanan təşəbbüslər həm respublikamızın, həm də Hərəkatın beynəlxalq nüfuzunun yüksəlməsində önəmli rol oynayıb.
“Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirən Azərbaycan Türk dünyasının güclənməsinə, onun təşkilatlanmasına, beynəlxalq miqyasda nüfuz qazanmasına mühüm töhfələr verib. Artıq Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik təsisatlardan birinə çevrilib.
Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə dost ölkə, strateji tərəfdaş olaraq qəbul edilir. Azərbaycan isə bu əlaqələri genişləndirmək və qarşılıqlı faydalı əməkdaşlığa çevirmək məqsədilə qlobal təşəbbüslər irəli sürür ki, bu da bütün tərəflərin maraqlarına xidmət edir”,-deyə Ş.İsmayılov vurğulayıb.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici siyasət kursunun uğurlu daxili siyasətlə dəstəkləndiyini söyləyən komitə sədri deyib: “Nəhəng infrastruktur layihələri, sahibkarlar üçün yaradılan əlverişli mühit, müasir texnoloji yeniliklərin tətbiqi ilə əldə olunan iqtisadi yüksəliş bugünkü Azərbaycanın reallıqlarıdır. Eyni zamanda, dövlətimizin başçısı tərəfindən bölgələrimizin davamlı inkişafı daim diqqət mərkəzində saxlanılır, regionların sosial-iqtisadi tərəqqisi istiqamətində zəruri addımlar atılır. Bu xüsusda, regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları bölgələrdə inkişaf prosesləri sürətlənməsini təmin edib, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar uğurla icra olunub. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşüb. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşıb”.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizdə innovativ və müasir təhsil, qabaqcıl səhiyyə sistemlərinin qurulmasını daim diqqət mərkəzində saxlayıb. Bu gün ölkəmizin hər bir bölgəsində vətəndaşların müasir tibb mərkəzlərinə əlçatanlığı təmin olunub. Eləcə də elm və təhsil sektorunun qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, tədqiqat və tədrisin keyfiyyətinin artırılması istiqamətlərində zəruri addımlar atılıb.
Ölkəmizin hər bir bölgəsində insanların fasiləsiz su və enerji ilə təmin olunması istiqamətində əsaslı işlərin görüldüyünü, müasir infrastrukturun qurulduğunu söyləyən Ş.İsmayılov bildirib ki, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi ilə rifahın daha da yaxşılaşdırılması təmin olunub və bu sahədə işlər ardıcıl olaraq davam etdirilir.
Deputat vurğulayıb ki, Azərbaycanın tarixi torpaqlarını azad etməyə qadir ordusunun formalaşdırılması möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu ən mühüm vəzifələrdən idi. 2003-2020-ci illər ərzində Azərbaycan dövləti bu istiqamətdə böyük işlər görüb, mühüm nailiyyətlərə imza atıb. Ordunun maddi-texniki təchizatı gücləndirilib, peşəkar kadrlar hazırlanıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edən sənaye kompleksi yaradılıb.
Şahin İsmayılov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə, həm beynəlxalq miqyasda qazandığımız uğurlar, sosial və iqtisadi sahədə əldə olunan nailiyyətlər tarixi zəfərlərimizə yol açıb. Prezident İlham Əliyevin illər ərzində müdrikliklə həyata keçirdiyi siyasət Qələbə strategiyasının reallaşmasını təmin edib. Vətən müharibəsində Azərbaycan xalqı liderinin ətrafında sıx birləşdirərək tarixi missiyanı icra edib, əbədi torpaqlarını işğalçılardan təmizləyib. 2023-cü ilin sentyabrında cəmi bir gün ərzində həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib, ölkəmizdə separatizmin kökü kəsilib.
Qazanılan zəfərlərimizin regionda yeni reallıqlar yaradaraq, qlobal əməkdaşlıq üçün geniş imkanlar açdığını söyləyən komitə sədri bildirib ki, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi artıq beynəlxalq birlik tərəfindən də təsdiq olunub. Cari ildə ABŞ-da imzalanan sənədlər regionun davamlı və dayanıqlı inkişafına əsaslı zəmin yaradır.
Şahin İsmayılov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa və yenidənqurma işləri Azərbaycanın iqtisadi qüdrətini xalqımızın quruculuq əzmini bütün dünyaya nümayiş etdirir. Artıq doğma torpaqlarımızda 60 mindən çox insan böyük qürur hissi ilə yaşayır, çalışır və təhsil alır. Bu gün azad torpaqlarımız artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsinin, Türkiyə-Azərbaycan-Pakistan liderlərinin üçtərəfli görüşünün azad və çiçəklənən Qarabağda, Şərqi Zəngəzurda keçirilməsi, çoxsaylı dövlət və hökumət başçılarının tarixi torpaqlarımıza səfərləri Azərbaycanın siyasi, diplomatik və geostrateji uğurlarının rəmzidir.
“2024-cü il fevralın 7-də müstəqil Azərbaycan tarixində növbəti bir ilk yaşanıb. Prezident seçkiləri ilk dəfə olaraq, ölkəmizin bütün bölgələrində keçirilib. Zəfər seçkisi adını alan 7 fevral səsverməsində qədirbilən xalqımız Azərbaycanın dövlətçilik tarixində növbəti dəfə öz müdrik qərarını verib. Seçicilər Zəfər səsverməsinə böyük ruh yüksəkliyi ilə qatılaraq, tarixi seçimini edərək inkişafının yeni mərhələsinə də Prezident İlham Əliyevin müdrik rəhbərliyinə həvalə edib”, – deyə komitə sədri qeyd edib.
