Son xəbərlər

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

“Hər an qayıdışa hazır olmalıyıq. Bunun üçün tariximizi bilməli, həqiqətlərimizi dərindən mənimsəməli və onları dünya ictimaiyyətinə çatdırmaqda fəal olmalıyıq.” – bu sözləri Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmanın Gənclər Şurasının noyabrın 26-da keçirilən illik yekunlara dair hesabat xarakterli yığıncağında bildirib.

Sədr icmanın fəaliyyətində bütün nəsillərin bir araya gəldiyini qeyd edərək, Qərbi Azərbaycan ideyasının yalnız bir nəslin deyil, bütövlükdə xalqımızın tarixi yaddaşı və gələcəyə bağlı strateji hədəfi olduğunu diqqətə çatdırıb. O, qayıdış konsepsiyasının həm daşıyıcısı, həm də gələcək icraçılarının məhz gənclər olduğunu xüsusi vurğulayıb.

İdarə Heyətinin sədri 22 rayon üzrə Gənclər Şurasının formalaşdığını xatırladaraq, gənclərin həmin bölgələrin nümayəndələri ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, xəritədəki toponimlərin tarixi mahiyyəti, onların xalqımızın yaddaşındakı yeri barədə geniş məlumat verib və gəncləri bu bilikləri sistemli şəkildə öyrənməyə çağırıb.

Sonra tədbir Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, millət vəkili Şahin İsmayılovun məruzəsi ilə davam edib. O, il ərzində görülən işlər, həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə geniş məlumat verib. Şahin İsmayılov yaxın günlərdə icmanın fəaliyyətində fəallıq göstərən gənclərin mükafatlandırılması mərasiminin keçiriləcəyini bildirib.

O, həmçinin Qərbi Azərbaycana qayıdış konsepsiyasının aktuallığını vurğulayaraq gənclərin ictimai proseslərdə mövqeyinin gücləndirilməsinin vacibliyini qeyd edib. Online platformalarda qayıdış mövzusunun daha geniş təbliği, yeni media trendlərinə uyğun layihələrin hazırlanması gənclərə əsas tapşırıq kimi verilib. Eyni zamanda tədbirlərin daha səmərəli təşkili üçün gənc liderlərin önə çıxmasının vacibliyi qeyd olunub.

Görüşdə Gorus rayonu üzrə Orxan Həsənli, Zəngibasar rayonu üzrə Kənan Heydərli, Barana rayonu üzrə Hidayət Qaraca, Amasiya rayonu üzrə Elvin Babayev, Vedi rayonu üzrə Abbas Pənahov, Axta rayonu üzrə Elmir Qurbanlı, Qafan rayonu üzrə Murad Həsənxanlı, Basarkeçər rayonu üzrə Aynur Rüstəmova, Karvansaray rayonu üzrə Kənan Hüseynov, İrəvan şəhəri üzrə Lalə Cəfərova, Allahverdi rayonu üzrə Svetlana Qasımova və Meğri rayonu üzrə Elvira Əliyeva iştirak ediblər.

Tədbir gənclər arasında həmrəyliyin gücləndirilməsi, qayıdış konsepsiyasının daha dolğun öyrənilməsi və qarşıdakı fəaliyyət planlarının müzakirəsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Əlaqəli xəbərlər