27 Sentyabr – dünya erməniçiliyi üzərində Qələbəyə gedən yol – Mövqe 

“27 sentyabr tarixi bir xalqın işğalçılıq siyasətinə son verərək öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, deyil,  bu, həm də son 200 illik Azərbaycan tarixinin ən şərəfli, qəhrəmanlıq səhifəsi, böyük Zəfərlərə yol açan və dünya erməniçiliyini ağır məğlubiyyətə düçar edilməsinə gedən yolun başlanğıcı idi”. 

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədrinin sözlərinə görə, 44 günlük Vətən Mühraibəsi nəticəsində Azərbaycanın şanlı qəhrəman Ordusu təkcə işğalçı Ermənistanı ağır məğlubiyyəti uğradaraq kapitulyasiyaya məcbur etmədi, eyni zamanda dünya erməniçiliyi üzərindəki möhtəşəm qələbəsi idi:

“Məhz dünya erməniçiliyinə arxalanan və onların birbaşa dəstəyi ilə ermənilər XX əsrin əvvəlindən etibarən Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirirək, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradaraq onun ərazisini genişləndiriblər. XX əsrin sonunda SSRİ-nin çöküşündən sonra isə həmin dünya erməniçiliyinin dəstəyi ilə Ermənistan Azərbaycanın 20% torpaqlarını işğal etməklə “böyük Ermənistan” planlarını reallaşdırmaq istədilər. Lakin onların bu arzusu ürəyində qaldı. Bünövrəsi Ulu öndər Heydər Əliyev və daha sonra isə onun siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində bu siyasətin qarşısı alındı. Nəinki alındı, Azərbaycan son 200 illik tarixdə ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytararaq ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Cənab Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli diplomatiyası nəticəsində dünya erməniçiliyi ağır məğlubiyyətə düçar edildi. Onların yüzilliklər boyu hazırlayıb həyata keçirmək istədikləri “böyük Ermənistan” ideologiyası birdəfəlik tarixin zibilliynə atıldı”, – deputat qeyd edib.

Millət vəkili əlavə edib ki, 27 sentyabrda başlanılan yol Azərbaycanın böyük Zəfərlərinə imza atmasına yeni imkanlar yaratdı:

“İkinci Qarabağ savaşında tarixi zəfər qazanan Azərbaycan əldə etdiyi qələbəni Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması və inkişafı naminə sıx əməkdaşlıq formatlarının yaranması fürsətinə çevirdi. Bunun üçün də Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması gündəliyini müəyyən edərək sülhün memarı olmaqla yanaşı, təminatçısı rolunda da çıxış etdi. Müharibədə qalib olan Azərbaycan sülhün də qalibi oldu.
Cənab Prezident İlham Əliyevin BMT-nin 80-ci Baş Assambleyasında çıxışında bəyan etdiyi kimi,  Azərbaycanla Ermənistan arasında de-fakto sülh mövcuddur.

“Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.
Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.
Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır”, – Prezident İlham Əliyev bəyan edib.

Cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan yeni zəfərlərə imza atmaqla yaratdığı yeni reallığa uyğun olaraq qarşısında duran hədəflərə nail olmaqla Cənubi Qafqazı sabitlik, sıx əməkdaşlıq qovşağına çevriməklə qlobal sülhə, əməkdaşlığa və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək.

Cənab Prezidentin BMT kürsüsündən bəyan etdiyi kimi, beynəlxalq aləmin dəstəyi ilə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurmasına nail olmaqdır. Əminəm ki, Azərbaycan bu hədəflərə nail olunması istiqamətində üzərinə düşən missiyasını layiqincə həyata keçirəcək”.

Əlaqəli xəbərlər