O, hamının sevimlisi idi – söhbət Şəmkir rayonu, Düyərli kənd 2 nömrəli tam orta məktəbinə 20 ildən artıq bir müddətdə layiqincə rəhbərlik etmiş, sakit təbiətli, səmimi, qayğıkeş, gülərüz, həm müəllimlərin, həm də şagirdlərin daimi dostu Zahid Əliyevdən gedir.
O Zahid Əliyev ki, şəxsən mən orta təhsilimi aldığım 1992-2003-cü illərdə bir dəfə də olsun onun həm məktəbə, həm müəllimlərə, həm də şagirdlərə qarşı diqqətsizliyini müşahidə etmədim. Böyükdən-kiçiyə hamının böyük hörmətini qazanmışdı. Bizim dövrün ən nümunəvi, ən qayğıkeş, ən səmimi direktoru kimi tanınırdı. Yaşa dolduqdan sonra da bir çox rəhbər işçilər gördüm, amma tam səmimi deyəcəm Zahid Əliyev kimisi ilə heç vaxt rastlaşmadım. Elə insanlar gördük ki, vəzifədə olduğu müddətdə onlara müəllim, vəzifədən getdikdən sonra adının arxasına hərə bir söz qoşdu, amma Zahid müəllim vəzifədən getdikdən sonra da məhz “müəllim” adını sona qədər saxladı.
Cəlil Məmmədquluzadənin təbirincə desək: “Elə yaşayasan ki, öləndən sonra da ölməyəsən… həyatın məqsədi məhz budur” Zahid müəllim bax bu cür insanlardandır. O, sadəcə dünyasını dəyişdi, qəlblərdə isə daima yaşayacaq. Zahid müəllim mənim qəlbimdə Düyərli kəndinin əbədiyaşar direktoru olaraq da qalacaq. Öz unudulmaz imzanla məni məktəbin “Lider şagirdi” adına layiq bildiyin günsə heç vaxt yaddaşımdan silinməyəcək. Məkanın cənnətdir “Əbədiyaşar direktorum”!