Dünya Bankı yaxın beş ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb

Dünya Bankı 2025-26-cı illərdə Azərbaycanda inflyasiyanın 2,3% təşkil edəcəyini proqnozlaşdırır.

İctimai.az “Report”a istinadən xəbər verir ki, Dünya Bankının məlumatına görə, 2027-ci ildə bu göstərici 2,2%-ə, 2028-29-cu illərdə isə 2%-ə qədər azalacaq.

Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi hədəf inflyasiya diapazonu 4±2% təşkil edir.

İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6%, 2026-cı ildə isə 4% olacağını gözləyir. AMB 2025-ci ilin yanvar ayı proqnozuna əsasən, inflyasiyanın 2025-ci ildə 5,5%, 2026-cı ildə 3,8% olacağını proqnozlaşdırır.

BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6%, 2026-cı ildə isə 3,1% olacağını proqnozlaşdırır.

Beynəlxalq reytinq agentlikləri “S&P Global” və “Moody’s” Azərbaycanda bu il ortaillik inflyasiyanı 4%, gələn il isə 3% səviyyəsində proqnozlaşdırır. “Fitch Solutions”ın proqnozuna görə, 2025-ci ildə inflyasiya 4% olacaq, 2026-cı ildə 4,4%-ə qədər sürətlənəcək.

Niderlandın “ING Group”u Azərbaycanda 2025-ci il üçün ortaillik inflyasiyanı 5,2%, 2026-cı ildə isə 4,9% səviyyəsində proqnozlaşdırır.

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2%, bu ilin yanvar ayında isə 5,4% təşkil edib.

Əlaqəli xəbərlər