Özbəkistan prezidenti Şavkat Mirziyoyev Abdulla Aripovun baş nazirliyi ilə yaradılan yeni hökumətin üzvlərini təsdiqləyib.
Özbəkistan prezidentinin aparatının yaydığı məlumatda deyilir ki, prezident Mirziyoyev yeni hökumət üzvlərinin təsdiqi haqqında fərmanı imzalayıb və bu fərman ölkə parlamentinin aşağı palatası olan Qanunvericilik Assambleyasının müzakirəsindən sonra təqdim edilib.
Sərəncama əsasən, Abdulla Aripovun yenidən baş nazir olduğu hökumətdə baş nazirin 4 müavini və 20 nazir var.
Özbəkistanda oktyabrın 27-də keçirilən ümumi seçkilərdən sonra hökumət yeni kabineti formalaşdırmaq üçün bu həftənin əvvəlində istefa verib.
Qanunvericilik Assambleyasının dünən keçirilən iclasında prezident Mirziyoyev siyasi partiyalarla məsləhətləşmələrdən sonra Aripovun yenidən baş nazir olmasını təklif edib, parlament üzvləri isə gizli səsvermə yolu ilə Aripovun yenidən baş nazir olmasını yekdilliklə dəstəkləyib.
Əvvəllər hökumətdə müxtəlif vəzifələrdə çalışan Aripov 2016 və 2019-cu illərdə keçirilən seçkilərdən sonra baş nazir olub.