Qırğızıstan seçkilərə hazırlaşır

Noyabrın 17-də Qırğızıstanda yerli seçkilər keçiriləcək. 4 milyon 135 min seçici 33 şəhər və 231 rayon və kənd sovetlərinə deputat seçəcək.

39 siyasi partiyanın qatıldığı seçkidə 993 şəhər şurası mandatı uğrunda 5 min 125, 5 min 394 rayon və kənd şurası mandatı uğrunda isə 10 min 439 namizəd mübarizə aparacaq.

Digər tərəfdən, Mərkəzi Seçki Komissiyası seçicilərə ilk dəfə olaraq ünvan qeydiyyatı zonasından kənarda səs vermək imkanı veriləcəyini açıqlayıb. Müvafiq olaraq, qeydiyyatda olduqları seçki dairəsindən kənarda səs vermək istəyən 9 min 50 seçici Bişkek və digər əyalət mərkəzlərində səs verə biləcək.

Bazar günü keçiriləcək seçkilərdə səsvermə prosesi əvvəlkilərdən fərqli olacaq. Səsverməyə gələn hər bir seçiciyə seçki bülletenləri identifikasiya cihazı vasitəsilə çap olunacaq. Beləliklə, çap xərcləri azalacaq və səslərin elektron hesablanması asanlaşacaq.

Seçicilər onların biometrik məlumatları əsasında müəyyən ediləcək. Hər bir seçki dairəsini seçki portalında canlı izləmək olar.

Əlaqəli xəbərlər