Qazaxıstan və Özbəkistan regionlararası əməkdaşlığı inkişaf etdirir

Qazaxıstanla Özbəkistan arasında regionlararası əməkdaşlığı yaxşılaşdıracaq 352 milyon dollarlıq 76 sənəd imzalanıb.

Qazaxıstanın Baş nazirliyindən verilən məlumata görə, Özbəkistanın Səmərqənd şəhərində “Qazaxıstan-Özbəkistan 4-cü Regionlararası Əməkdaşlıq Forumu” keçirilib.

Qazaxıstanın baş naziri Oljas Bektenov və Özbəkistanın baş naziri Abdulla Aripovun sədrliyi ilə keçirilən forumda iki ölkənin həmsərhəd əyalətlərinin qubernatorları, nazirlər və iş dünyasının 200-ə yaxın nümayəndəsi iştirak edib.

İki ölkənin sərhədində yerləşən regionlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, qarşılıqlı ticarətin artırılması və birgə layihələrin həyata keçirilməsi kimi məsələlərin müzakirə edildiyi forumda sənaye, su ehtiyatları, enerji, nəqliyyat və qaz sənayesi sahələrində qarşılıqlı fəaliyyət məsələləri də müzakirə olunub.

Qazaxıstanın baş naziri Bektenov Özbəkistanla bu ilin ilk 8 ayında qarşılıqlı ticarət həcminin 2,5 milyard dollara çatdığını bildirib.

“Qazaxıstan və Özbəkistanın bütün sektorlarda birgə iş üçün geniş perspektivləri var”. Bektenov sözügedən forumun Mərkəzi Asiya regionunda davamlı iqtisadi inkişafa mühüm töhfə verəcəyinə ümid etdiyini bildirib.

Özbəkistanın baş naziri Aripov da regionlararası əməkdaşlığın inkişafının iki ölkə arasında münasibətlərin prioritet istiqaməti olduğunu bildirib.

Aripov, “Son 7 ildə qarşılıqlı ticarət dövriyyəsi 2,5 dəfə artıb. Hazırda Özbəkistanda Qazaxıstan kapitallı 1000-dən çox şirkət fəaliyyət göstərir. Sərhəd vilayətlərimiz arasında da birbaşa əlaqə yaradılıb” dedi.

Forum çərçivəsində əvvəllər iki ölkə arasında ən yüksək səviyyədə imzalanmış enerji, dağ-mədən və geologiya sahələrində birgə layihələrin həyata keçirilməsinə yönəlmiş sənədlər də daxil olmaqla ümumi dəyəri 352 milyon dollar olan 76 sənəd imzalanıb.

Əlaqəli xəbərlər