Qazaxıstanın baş naziri Oljas Bektenov bildirib ki, ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə ticarət həcmi keçən il 6 faiz artaraq 66,7 milyard dollara çatıb.
Qazaxıstan Baş nazirliyindən verilən məlumata görə, Bektenov Pakistanın paytaxtı İslamabadda keçirilən ŞƏT Hökumət Başçıları Şurasının 23-cü iclasında iştirak edib.
Bektenov buradakı çıxışında iyul ayında Astanada keçirilən ŞƏT Dövlət Başçılarının Zirvə görüşündə təşkilata üzv ölkələr arasında yeni dünya düzənində kommersiya və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini xatırladıb.
Qazaxıstanın ŞƏT-ə üzv ölkələrlə ticarət həcminin ötən il 6 faiz artaraq 66,7 milyard dollara çatdığını qeyd edən Bektenov sabit ticarəti təmin etmək üçün ŞƏT-in qlobal iqtisadiyyatın yavaşladığı şəraitdə yeni inkişaf sahələri yaratmalı olduğunu vurğulayıb.
Bektenov rəqəmsallaşma və elektron ticarətin inkişafı, mövcud qatarların və avtomobil yollarının modernləşdirilməsi, enerji və investisiya sektorlarında qarşılıqlı faydalı tərəfdaşlıqların yaradılması, iqlim dəyişikliyi, təhsil və səhiyyə sahələrində birgə layihələrin hazırlanması kimi məsələləri də vurğulayıb.