Özbəkistanın Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının İdarə Heyətinin İllik Toplantısı işə başlayıb.
Tarixi Səmərqənd şəhərində işə başlayan Asiya İnfrastruktur İnvestisiya Bankının İdarə Heyətinin 9-cu İllik Toplantısına 100-dən çox ölkədən 2 mindən çox rəsmi və ekspert qatılıb.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev iki günlük iclasın açılışındakı çıxışında son illərdə ölkəsində mühüm islahatlar həyata keçirdiklərini açıqlayıb.
Mirziyoyev iqtisadiyyatın liberallaşdırılması, insanların həyat səviyyəsinin və rifahının yaxşılaşdırılması istiqamətində səylərin davam etdirildiyini bəyan edib.
Ölkəsinin Ümumi Daxili Məhsulunun son illərdə əhəmiyyətli dərəcədə artdığını və ilk dəfə olaraq 100 milyard dolları keçdiyini vurğulayan Mirziyoyev, 5 il ərzində bu rəqəmi 160 milyard dollara çatdırmağı planlaşdırdıqlarını açıqlayıb.
Son 4 ildə ölkədəki yoxsulluq nisbətini 23 faizdən 11 faizə endirməyi bacardıqlarını qeyd edən Mirziyoyev, bu il bu nisbəti 9 faizə endirməyi hədəflədiklərini vurğulayıb.
“2030-cu ilə qədər yaşıl enerji mənbələrindən istifadə 40 faizə çatdırılacaq”
Mirziyoyev 2030-cu ilə qədər ölkəsində yaşıl iqtisadiyyatın sürətli inkişafına üstünlük verdiklərini və yaşıl enerji resurslarından istifadəni 40 faizə çatdırmağı hədəflədiklərini bildirib.
Qonşu ölkələrin də bərpa olunan enerji mənbələri ilə bağlı böyük layihələrə başladığına diqqət çəkən Mirziyoyev, “Bərpa olunan enerji mənbələri ilə zəngin olan Mərkəzi Asiya ölkələri olaraq, dünya enerji bazarlarının mühüm yaşıl enerji ixracatçısı olmaq yolunda böyük addımlar atırıq. Önümüzdəki illərdə bu çərçivədə Transxəzər elektrik şəbəkəsi layihəsinin “Böyük potensiala malik olduğunu vurğulamaq istərdim.” dedi.
Bu kontekstdə Mirziyoyev Asiya İnfrastruktur İnvestisiya Bankının rəhbərliyi altında Mərkəzi Asiyada yaşıl enerjinin inkişafı proqramının həyata keçirilməsini təklif edib.